Nizami Gəncəvi
Qəzəllər
SAXLARSAN
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.
Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!
Sual etmə «Nədir dərdin?» əcəb bimar saxlarsan?
Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,
Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan
Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin.
Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.
Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,
Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.
Səni daim Nizami öz əziz cananı bilmişdir,
Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?
GƏLMİŞ İDİ
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: — Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan… yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Ey Nizami! — dedi — birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
OLASAN
Diləyirdim mənə sən bir gecəlik yar olasan!
Əhdi, peymanı tutub, əhdə vəfadar olasan!
Gözlərin yadları gördükdə gülür nərgiz tək,
Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!
Dostluğundan demişəm mən, neçə düşmən eşidib,
Məni əğyarə xəcil etsən, özün xar olasan!
Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!
Sən nə quşsan, sınayım mən nə sayaq, söylə, səni,
Hanı bir öylə könül bəndü giriftar olasan?!
Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Axsitana munisü dildar olasan.
İSTƏRƏM
Afərin hüsnünə, mən bir belə dilbər istərəm,
Gecələr şəm yanar, sən kimi gövhər istərəm!
Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,
Valehəm onlara mən, bir belə məcmər istərəm!
Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,
Duzlusan, həm də şirin, sən kimi şəkkər istərəm!
Sənin eşqinlə töküb, hər iki dünyanı bu gün,
Bir qədəhdən içərəm, mən belə sağər istərəm!
Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim bir belə ənbər istərəm!
Bağladın zülfünə qul tək bu Nizamini özün,
Söyləyir zülfün ucu, bir belə çakər istərəm.
GÖRÜNÜR
Közüm aydın, gözümə surəti-canan görünür,
Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.
Allaha şükr edirəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, visal
İki dünyayə dəyər, eylə ki, hicran görünür?
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiciyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
«Gözüm aydın, gözümə surəti-canan görünür».
SAXLARSAN
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.
Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!
Sual etmə «Nədir dərdin?» əcəb bimar saxlarsan?
Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,
Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan
Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin.
Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.
Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,
Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.
Səni daim Nizami öz əziz cananı bilmişdir,
Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?
SÖZ
Sözün de su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din
Qoy öz sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpiçtək qiyməti olmaz
Əsli təmiz olan saf mirvarilar
Suya və torpağa min bəzək vurar.
Mədənlə dolsa da hər bir xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir nur verəön aləmə yalnız.
OLACAQSAN?
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
Ey abi həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O, xəstə ikən, sən kimə dərman olacaqsan?
* * *
Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
Layiq deyil ki, canımı cananə göndərim.
Ey dost, istədim eləyəm bəxş könlümü,
Etdim həya ki, zirəni Girmanə göndərim.
Ey xacə, məsləhət elə, allah rizasına,
Murəm, nə töhfə, söylə, Süleymanə göndərim?
Yoxdur mətaimiz ki, ola yarə layiqi,
Dərviş ikən nə həzrəti-sultanə göndərim?
Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
Viranədir bu kənd, ona mən nə göndərim?
Bayram yetişdi, xəstə bu canımla bir deyin,
Bilməm nə qurban ol şahə, qurbanə göndərim?
Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
Yaxşı əməl deyə nəyi mizanə göndərim?
* * *
Soruşdun halımı, məmnunəm, ey dost!
Ciyər parə, ürək pürxunəm, ey dost!
Gəl aşiqlik sözün məndən kənar et.
Sən ol Leyli, ki mən Məcnunəm, ey dost!
Əlindən eylərəm fəryad, fəryad,
Bu fəryadla günü əfzunəm, ey dost!
Sevənlərlə, eşitdim, mehribansan,
Mən onlardan məgər birunəm, ey dost!?
Yıxılsan, söylədin imdadə gəlləm,
Yetiş ki, indi mən dilxunəm, ey dost!
Nizami şer ilə dil açdı, heyhat,
Səni heç tutmayır əfsunum, ey dost!
VAR
Canımı aldın, əcəb karin var.
Qeyri bir yerdə də bazarın var?
Çoxdur aşiqlərin, ey nazlı pəri,
Məndən olmaz, belə bidarin var.
Gül üzündə o siyah zülfünlə
Yar bəla adlı, bəla yarın var.
Vəslə çatdır bu Nizamini, gözəl,
Nə əcəb, aşiqi-dildarın var!
NƏDƏNDIR?
Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?
Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?
Bu dünyadə mənim ancaq yeganə istəyim var,
Bəşər bir qəlbə sahibdir, belə şəbxun, nədəndir?
Fəzayi-eşqdə pərvaz bərabər etmişik biz,
Sənin mehrin gödək, eşqim mənim əfzun, nədəndir?
Tutardın dost məni əvvəl, nədən mehri unutdun,
Bu düşmənlik nədən doğdu, kənar oldun, nədəndir?
Şəfa qıldım bütün naçar ürəklər harda varsa,
Nizamiyə çatıb növbət, cəfa qıldın, nədəndir?
CANAN!
Cavanlıq etmişəm, ey yar, canan!
Salıb qəlbimdə yurd, bazar, canan!
Sənin şəkkər saçan ləlin umar hey.
Axıb göz yaşlarım çağlar, canan!
Verib boş vədələr çox-çox, rəvamı,
Az-az aldın ömür nə var, canan!
Nədir mişkin telin od rəngli üzdə,
Məni etmiş belə bizar, canan?!
Töküb qan-yaş gözümdən sübhədək mən,
Dolandım, hey öpüb divar, canan!
Fəqan, ey mərdlər, fəryad, fəryad,
Nədir o nərgizi-xunxar, canan!
* * *
Qönçə kimi min dərdə könül doldu cəfandan.
Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?
Sən dərdi, qəmi hey mənə vərmək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.
Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.
Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
Bəlkə mənə köynək olasan, ey məhi-taban!
Sidq ilə sənə həmdü səna etdi Nizami,
Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?
OLAN
Ey gözəl afətlərə sultan olan!
Qoyma baxa hüsnünə düşman olan!
Mən deyiləmmi bütün əzam ilə,
Bir tükünə min dəfə qurban olan?
Miskinəm, ox atma zəif sinəmə,
Zərbənə dözməz belə nalan olan.
İçdin ürək qanımı sən mey kimi,
Oldum adı qəlb evi talan olan.
Qoy yıxılıb payını öpsün barı,
İndiyədək sevgisi pünhan olan.
Kül üzünü görməyə yox cürətim,
Qaşı kaman, kirpiyi peykan olan.
Aşiqi-sadiqsə hamı, doğrudur,
Yoxdu Nizami kimi şükran olan.
* * *
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan.
Məzlumların naləsinə adət edibsən,
Bəs naləmə meyl eyləmədin, sevgili canan?!
Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,
Dil vərməmək adətdi gözəllərdə binadan.
Söylə, bu Nizami necə səbr etsin, əzizim,
Eşqində qərarsız qalacaq, ey məhi-taban!
HANI?
Könlüm evi xarab olub, dilbəri-cansitan hanı?
Oğru xəzinə yardı bəs qorxulu pasiban hanı?
Qafilə getdi, cərgədən mən necə qalmışam geri,
Cəld miniyim deyin hanı, arxalı sarıban hanı?
Mən gecəni sabahədək dost qapısında yatmışam,
Yolçu isəm payım hanı, yoxsa ki, üstüxan hanı?
Toplamısan, Nizami, bol ruzini bu cahanda sən,
Bəs o cahan üçün nəyim var, elə bir əyan hanı?
Baxsan cəmali-yarə, bir laləzar görərsən,
Ruxsari-yar önündə gülzarı xar görərsən,
Axtarma gül çəməndə, açmaz niqab qönçə,
Çün hüsni-yar önündə hər güldə xar görərsən.
Bir busə istəsən gər, sən ləli-yaridən bil,
Oxlar səni o, könlün al qan olar, görərsən.
Bir ömrdür qəmindən qəlbim qərarsız olmuş,
Keçsə yüz il də böylə, sən bu qərar görərsən.
Hərgah Nizami tək kim xudkamlığı unutsa,
Vəslə irib olar şad ol qəmküsar, görərsən.
* * *
Gül camalın gülə dedi: — Dur, pərdə sal üzündən,
Güllər zünnar bağlamışdır yanağından, üzündən.
Görürəm ki, qan örtmüşdür niqabını qönçənin,
Xəcalətdən bürünüb ki, görməyəsən bəlkə sən.
Qulac-qulac saçlarının açılanda mətai,
Bənövşələr köçmək üçün yük bağladı bilirsən.
O ərğivan camalının bir işarə etməsi
Yasəməni lal eylədi, susən qaldı sözündən.
Əgər dava edirsənsə gülə söylə hökmünü
Çünki nərgiz xumar olmuş, yuxu yağır gözündən.
Nizamilə çox əlləşdi bülbül, etsin rəqabət
Bu qəzəli eşidərkən susdu, getdi özündən.
NECƏDIR?
Əziz elçi, könül yarı necədir?
Mən bimarın o nigarı necədir?
Gözəlliyi, məlahəti qalırmı?
Nə eyləyir, işi, karı necədir?
Söylə, əmlik ahumuzun nərgizi
Sünbülləri, çəmənzarı necədir?
Bulağından su içmişdir şəkərin,
Guşəsində laləzarı necədir?
Dost tutanı, o yad saydı, könlümün
Düşmən olan dostu, yarı necədir?
Gecə-gündüz mən atəşdə yanıram,
Şux mələyin abidarı necədir?
Qan içməkdə yox nöqsanı zərrəcə,
Peşimanmı, söylə, barı, necədir?
Bircə dəfə uf demədi ömründə,
Aşüftəhal, yar qərarı necədir?
Yar qəmindən Yəqub oldu Nizami,
Əsrin Yusif şəhriyarı necədir?
* * *
Dilbər, necə bilsən, sənə bənzər nişanım var.
Qəlbim ləbinə, sübhüm isə zülfünə oxşar.
Qalxmaqçın üzənginə dizimdə hanı taqət?
Yox qüvvə cilovdan da tutam, sevgili dildar.
Hicran nə qədər varsa, vəfa ləfzini tutma!
Hicranda gərəkdir ola yar yarə vəfadar?
Hər busənə bir can verirəm, dəyməsə, alma,
Çün istəmərəm xeyrim üçün sən olasan xar.
Səbr eylə dedin, dərdimə döz, gözlə, Nizami!
Məndə hanı səbr etməyə taqət, gör özün, yar!
* * *
Sən könlümü almaq da dilərsənmi, a dilbər?
Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Bir xeyli zaman var ki, açılmır o gül ağzın,
Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,
Zülfün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,
Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,
Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Əqlə gələcək hər nə ki, divanələrin var,
Ruyindən əgər olsa kənar o qara tellər.
Ruh nuş eləyər, ləli-ləbin badə vərərsə,
Çəng, ney, kaman inlər, göz olar onlara sağər.
Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,
Mümkünsə, bizə lütf eləyib ruyini göstər.
Tainki Nizami kimi hicranzadələr qoy,
Bel bağlayaraq qulluğa, olsun sənə çakər.
* * *
Mümkünmüdür məni qurban edəsən?
Dərdlərimi görüb dərman edəsən?
Göz yaşımla islanmadan bədənim
Al qanıma məni qəltan edəsən?
Ürək demə, artıq əldən vermişəm,
Ona çarə özün, canan, edəsən!
Zəif ovam, saxla məni, öldürmə,
Heç dəyərmi məni qurban edəsən?
Göz tikmişəm dodağının şəhdinə,
Ümid var ki, bir gün mehman edəsən.
Bəlkə vurub ləblərinə möhrünü,
Nizamini bir Süleyman edəsən.
* * *
Qəm yemə, həqqə inan, fəryada qəmxaran çatar,
Gücsüzün imdadına, bir gün gələr, yaran çatar.
Daimi dövlət dilərsənsə, oyaq qal hər gecə,
Aləm içrə sərvətə bidar olan insan çatar.
Bir hümasənsə əgər, vər xirməni gəl sərçəyə
Sən ki, sağlamsan, əzizim, xəstəyə dərman çatar.
Məst olub müflis, nədən bəs aşiq içmişsə şərab.
Son günü gözlə, gələr, hüşyara da dövran çatar.
Bal yeyən milçəkdir, amma odlanan pərvanədir,
Oğru cib kəsdi, cəzayə doğrular hər an çatar.
Sən qorun oxdan, alovdan, çünki sultan hərbidir,
Bax, şəkər yağmaqdadır, meyl et, sənə ondan çatar.
Ey könül, yoxdursa dostun barigahda, incimə,
Şah çıxırkən ovlağa, səkbanə pay o an çatar.
Ey Nizami, əl götür, ol böylə dövlətdən kənar,
Bəlkə bir başqa diyarda işsizə imkan çatar.
* * *
Düşüb eşqinlə bir sevdayə, ey gül!
Apardım sirrimi səhrayə, ey gül!
Sənin tək fitnədən aldım silahı,
Odur düşdü başım qovqayə, ey gül!
Nədəndir səndə zərrə mərhəmət yox
Qəmindir eşqimə bir sayə, ey gül!
Mən aşiqkən, əbəs sən qan tökürsən,
Atırsan aşiqi tənhayə, ey gül!
Məhaldır vəslinə yetmək bu gün ah…
Tikilmişdir gözüm fərdayə, ey gül!
Nizamiyəm, gözümdən gövhərimi
Xərac tək vermişəm dəryayə, ey gül!
* * *
Ey nigarım, könlümü çaldın, füsunxan olma gəl!
Sən məni lal eylədin, bəsdir, zəbandan olma gəl!
Sən könül almaqla etdin, qıl nəzər, hər qəlbi şad,
Qorx bu məhrumun canından, qatili-can olma gəl!
İzn ver, ta bir zaman seyr eyləyim gül hüsnünü,
Sanma ki, bir oğruyam, artıq, nigahban olma gəl!
Bağladım bel xidmətində zülfünə bir mur tək
Muri qarət eyləməkdə bir Süleyman olma gəl!
Öylə ki, sürətlə ol sərxoş qayıtdı məclisə,
Badə ver sən bu Nizamiyə, girancan olma gəl!
* * *
Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun,
Yaxşı əl tut ki, sitəm, dərdü qəm asan olsun!
Qorxuram ki, verəsən dadimi öz qəlbindən,
Böylə söz, bəs böylə vədə necə payan olsun?
Oxşayıb acizi hər an belə istər dilbər,
Tez cəza hökmü verib, gec də peşiman olsun.
Ey pəri üzlü, Nizami səni gözlər, gəl, gəl,
Gəl, qarışqa evi bir mülki-Süleyman olsun!
* * *
Fəxr elə yar ki, barını çəkirəm,
Saf ürəkdən qubarını çəkirəm.
Sərxoşam, bir şərabdır eşqin.
Bu səbəbdən xumarını çəkirəm.
Mən zəlili kənara atma, gülüm,
Səni ağuş baharıma çəkirəm.
Ruzigarım keçirsə cövrinlə,
Ürəyindən o narını çəkirəm.
Qoyma solsun çiçəklənən əməlim,
Hər zaman intizarını çəkirəm.
Bülbüləm mən, Nizami, gülşəndə
Gülümün ahü zarını çəkirəm.
* * *
Dinlədi harda könül yarımızın söhbətini.
Əl atıb cırdı həmən paltarını, xələtini.
Laübali kimi məqsəd güdərək satdı özün,
Aldı can nəqdi verib, nazlı, şirin afətini.
Mənə gəl eylə vəfa, söylədim, heç eyləmədin,
Almadın sayə nədən, söylə, ürək söhbətini?
Şadlığın balü pərin böylə neçin sındırdın?
O qanadlarla könül uçdu, tapıb şöhrətini.
Sən Nizamiyə ki, xətt çəkməmisən, nazlı nigar!
O bütün dostlara xətt çəkdi, qırıb ülfətini.
* * *
Ey şux, bu gün naz qapısın raz ilə açdın.
Gül xirməninin bəndini min naz ilə açdın.
O sirr ki, dünyayə nihandı, sənə açdım,
Bir-bir hamısın qəmzeyi-qəmmaz ilə açdın.
Qəsdin məni rusvay eləməkdirmi cahanda?
Bu qəmzeyi-qəmmazini avaz ilə açdın.
Dərgahi Nizamiyə nədən bağlamısan sən?
Vaxtilə onu şivəyi-tənnaz ilə açdın.
* * *
Hər gecə tədbir görür könlüm sənin hicranına.
Sübh tezdən bənd olur eşqin şirin sultanına.
Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,
Başqa bir can varmı, yetsin başqa bir cananına?
Günləri bayram kimi şirin keçər baxsan, gülüm,
Sübh tezdən sən nəzər salsan əgər qurbanına.
Varmı cür ət, qaldıram şəmşir sən tək atlıya,
Başım üstə tutmuşam, vur zərbəni qalxanına.
Məclisində mən kimi mehman gərək daim sənin,
Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.
Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina.
Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.
Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün.
Ta Nizaminin qubarı qonmasın eyvanına.
* * *
Nazlı yarım, camal göstər, bu gün-gülzar arzularam.
Dodağından gəl busə vər, təzə nübar arzularam.
Qəribədir, vüsalının bağçasında xar görməmiş,
Ətir saçan, təravətli güllü gülzar arzularam.
Səccadəmi, dəstarimi giröv qoymaq fikrindəyəm,
Mey istəyir çünki ürək, bir də qumar arzularam.
Somiədə sofilərdən əsla sədaqət görmədim,
Səhər tezdən şərab içmək, xumar-xumar arzularam.
Bir əlimdə piyalədir, bir əlimdə yarın zülfü,
Rüsvay olub gəzmək üçün, mən bir bazar arzularam.
Amma məni ayaqlayıb, vurub ikiəlli başa
Rəqs etməkçin bir dövrdə mən ehrarlar arzularam?
De, mədrəsə kandarında çoxmu qoyum baş torpağa?
Gəzib kafər məbədini, quru divar arzularam.
Dostlar hamı dönük çıxdı, əqrəbsüfət oldu bu gün.
Onlardansa, mən söhbətə xallı şahmar arzularam
Eşqə düşüb könül vermək, əlindədir hər aşiqin,
Gözəllərlə ürəyimi mən bərqərar arzularam.
Hicranının acısından canım gəldi dodağıma,
Ləlindən busə bəxş elə, mən şəkərbar arzularam.
Busə almaq dodağından Nizaminin həyatıdır,
Cahandar şah, kərəm eylə, muradım var, arzularam.
* * *
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!
Ey dini sevən, gəl rəhi-biganədən əl çək!
Qəlbimdəki şəmim kimi yan, canıma nur saç,
Fırlanma əbəs, adəti-pərvanədən əl çək!
Canü dilimi almısan, ey pərdənişin yar,
Bipərdə danış, pərdeyi-kaşanədən əl çək!
Meyxaneyi-eşqində ki, məstanə yıxıldım,
Sərməstləri qovma bu meyxanədən, əl çək!
Ya gül kimi al rəngimi, ya ətrimi qaytar,
Ya quş kimi sal damına, ya danədən əl çək!
Şahin kimi məskən sənə şahlar əli olmuş,
Qovma iki-üç qarğanı viranədən, əl çək!
Məstəm sənin eşqində, vüsalınla ayılt gəl,
Qarə qulunam, şivəyi-türkanədən əl çək!
Əfsanə deməzlər, gözəlim, sübh açılanda.
Sübhün açılıb, sən dəxi əfsanədən əl çək!
Çox söyləmişəm, söyləyirəm bir də, Nizami,
Can qoy rəhi-eşqində, bu peymanədən əl çək!
* * *
Sənəm, ey gözün fədası, bizə bir gətir səfa sən,
Nə olar vüsalin ilə vərəsən bizə dəva sən?
Səni bir görüb danışmaq mənim istəyimdir, ey yar,
Sən o zülfünün qətarı, elə dərdimə şəfa sən!
Füqərayə padşahlar, gözəlim, nəvaziş eylər,
Nə olar qapında saysan məni bir fəqir, gəda sən?
Sənə əhd edib Nizami, qul ola yanında, ey yar,
Onu qovma dərgahından, ona vermə min cəfa sən.
SƏNSIZ
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: «Yox yara hacət sənsiz»!
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var — arayım mən səni, bəxtim də ki yol,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm.
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
* * *
Vəslin həvəsi ömrümü son anə yetirdi,
Hicran qəminin xəncərini qanə yetirdi.
Karvansaradır qəmli könül eşq yolunda.
Bu dərd yatağı karvanı karvanə yetirdi.
Ömrün gəmisi ruzigarın dalğalarında,
Tufansız ötüb gör necə ümmanə yetirdi.
Tordan qutaran quş ki, qayıtmaz tora bir də,
Keçmiş ömürü kim yenidən canə yetirdi.
Bilsən niyə biz bilməmişik qədrini vəslin?
Çünki bizi bəxt, qəflətən ehsanə yetirdi.
* * *
Sənsiz ölürəm, nigar, tez gəl!
Ömrüm başa yetdi, yar, tez gəl!
Fəryad ki, hicrində könül qan,
Qaldım qəm əlində zar, tez gəl!
Şadlıq gətirir, nə xoşdu qəmzən,
Mən tək bir əsiri var, tez gəl!
Oxla məni, qaşının kəmanın
Vəsməylə uzatma yar, tez gəl!
Qəsdin can isə, gəl al bu canı,
Səndən deyiləm kənar, tez gəl!
Səndən bizə yoxsa çarə, söylə,
İncitmə, bitib qərar, tez gəl!
Etdi sənə can fəda Nizami,
Al, et bizi bəxtiyar, tez gəl!
* * *
Gər qürurin yox isə, lütf elə, meyxanəyə gəl,
Nərd atıb, badə içib kafər olan xanəyə gəl.
Küfr islam olar axtarmayasan illətini,
Sərsəri uymayacaq böylə bir əfsanəyə, gəl!
Eyşü işrətdə, gülüm, fürsəti fövt eyləmə heç,
Həmdəm ol meylə dolu nəşəli peymanəyə gəl.
Nə çıxar boş danışıqdan, arayıb gəzməkdən?
Durma, mərd söhbətinə, məclisi-cananəyə gəl!
Ey Nizami, hər iki aləmi, boş şeydir, unut!
Sən ki, aşiqlərə tacsan, kuyi-şahanəyə gəl!
* * *
Aşiqəm, əmrini vər aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm, qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşman olub.
Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm.
Harda görsəm səni, zülfündən öpüb yalvararam.
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!
Sənsizəm, səndən uzaq kimsəni düşsün, demərəm.
Yetməyir əl sənə, yox səbr də hicranə, gülüm.
* * *
Könlüm sitəminlə canə yetdi,
Ahım odu asimanə yetdi.
Ayrılmaram ölməyincə səndən,
Qəm xəncəri qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Şurim o biri cahanə yetdi.
Karvan hələ çatmamış, yolunda
Köç növbəti gəldi, canə yetdi.
Gözlə, gələrəm dedin, Nizami!
Tez gəl ki, zaman o anə yetdi.
* * *
Üzün müştaqiyəm, ey dost, nədən bir an görünməzsən?
Sənə bəndə mənəm, söylə, kimin sultanı oldun sən?
O gözlər gül cəmalinlə ləbinçin şahidimdir, yar,
Divan etsən özünsən bil, mənə həm şahid, həm düşmən.
O hüsnə aynadan baxsan, inan ki, qısqanar könlüm,
Onu pünhan tut, ey canan, amandır, yad nəzərlərdən.
Nə ənbərdir o zülfün ki, səbadən gizlidir sirri,
Onu tutduqca sən pünhan səba görmək dilər hərdəm.
Sənin ki, asitanından həyat adlı sular çağlar,
Sulansın keçdiyin yollar, gül açsın gül qədəmlərdə.
* * *
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, «könül hardadır» aldım bu cavabı.
«Heç sorma, tapılmaz onu axtarsa da insan».
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
* * *
Görün, önündə aşiqin şiri necə şikar edər.
Pələng kimi cavanları, bir anda biqərar edər.
Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır.
Nə işdi ki, vurulmamış bu qəlbim ahü zar edər
Alıb ləbin sorağını, dağıtmışam libasımı,
Görün, bu mey nə meydi ki, içilməmiş xumar edər.
Dedim o daş ürəklidən vəfa görüm, nə çarə ki,
Mənim bu şişə könlümü ələmlə səngsar edər.
Şəbin visalı hər səhər alışdırır xəyalımı,
O hər gecə bu könlümü, görün, nə tarümar edər.
Xəzinədirsə möhnətin, xərabələrdə məskən et,
Qərarsız könüldə, sor, nədən qəmin qərar edər?
Nə qədr zalım olsa da, Nizami, əl götürmə sən!
Gül istəyən cəfa çəkib, tikanla ruzigar edər.
* * *
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.
Könlümə bir mələyin sevgisi od saldı, adı,
Günü də Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən.
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm.
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.
Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Əmr röyadə şikar olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmaqdan isə versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.
Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə səvab etmədədir.
* * *
Közüm aydın, gözümə surəti-canan görünür,
Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.
Allaha şükr edirəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, visal
İki dünyayə dəyər, eylə ki, hicran görünür?
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiciyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
«Gözüm aydın, gözümə surəti-canan görünür».
* * *
Afərin hüsnünə, mən bir belə dilbər istərəm,
Gecələr şəm yanar, sən kimi gövhər istərəm!
Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,
Valehəm onlara mən, bir belə məcmər istərəm!
Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,
Duzlusan, həm də şirin, sən kimi şəkkər istərəm!
Sənin eşqinlə töküb, hər iki dünyanı bu gün,
Bir qədəhdən içərəm, mən belə sağər istərəm!
Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim bir belə ənbər istərəm!
Bağladın zülfünə qul tək bu Nizamini özün,
Söyləyir zülfün ucu, bir belə çakər istərəm.
* * *
Diləyirdim mənə sən bir gecəlik yar olasan!
Əhdi, peymanı tutub, əhdə vəfadar olasan!
Gözlərin yadları gördükdə gülür nərgiz tək,
Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!
Dostluğundan demişəm mən, neçə düşmən eşidib,
Məni əğyarə xəcil etsən, özün xar olasan!
Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!
Sən nə quşsan, sınayım mən nə sayaq, söylə, səni,
Hanı bir öylə könül bəndü giriftar olasan?!
Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Axsitana munisü dildar olasan!
* * *
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: — Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan… yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Ey Nizami! — dedi — birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
* * *
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.
Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!
Sual etmə «Nədir dərdin?» əcəb bimar saxlarsan?
Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,
Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan
Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin.
Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.
Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,
Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.
Səni daim Nizami öz əziz cananı bilmişdir,
Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?
* * *
Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman,
Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.
Sən kimi bir nobaharla sanma təğyir eyləməz
Bağü bağçam, hər nə var soldurdu bir badi-xəzan.
Sən Xəlilsən, mən odam, qarşında neçin sönməyim?
Mən ölüm, sən aruzun tək ömr elə hər bir zaman.
Sən şikəst sandın məni, düzdür, şikəstəm, bəndəyəm,
Sən bilən qəlbdir bu qəlb, sən gördüyün candır bu can.
Sən bizi fərmanla yox, insafla dindir, sevgilim,
Lütfünə, insafına yalnız özünsən hökmran.
Qulluğunda qul kimi durmuş Nizami, rəhm elə,
Hər iki dünyadə könlüm səndən olsun kamiran.
* * *
O mişk tellərin sənin məzhəbi-dilbəri tutub,
O zülmkar qəmzələrin rəsmi-sitəmkəri tutub.
Gül üzünü görən bəşər bağladı bel qul olmağa,
Canını azad eyləmiş, rütbeyi-çakəri tutub.
Bədnəzərin xətasına düşməyəsən deyə, səhər
Bir dua eylədim sənə, əldə o dəftəri tutub.
Layiqin olmasam da mən, yaş-quruma döz, ey gülüm!
Göz yaşım axdı sel kimi, gör ki, o hər yeri tutub.
Səninlə ilk dovda canı ucuz tutub, uduzmuşam,
Eyləmə eşqə hiylə sən, rütbeyi-davəri tutub.
Məsiha möcüzü kimi möcüzə göstərir ləbin.
Səni Nizami Gəncəvi eşqdə rəhbəri tutub.
* * *
Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən,
Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən!
Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar!
Getməmiş canım əlimdən mənə canan ol sən!
Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an,
gəl axıtma qanımı, can vərəcək can ol sən!
Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil,
Çəkdiyim dərd ki sənindir, barı dərman ol sən!
Nə qədər od olub odlar vuracaqsan canıma,
Bir saat məclisimə sünbüli-reyhan ol sən!
Kakilin ay çətiri, mişk saçır zülflərin,
Bir qulundur bu Nizami, ona sultan ol sən!
* * *
Nə gözəl, nə xoş gəlibdir belə daimi qəmin, yar.
Onu şadlığa dəyişməm, edirəm buna yəmin, yar.
Daha xoşdu cövrü yarın, buna sən nə cür baxırsan?
O şirin nəvazişindən daha xoş gəlir səmin, yar.
Mən oyam, bacarmasam da, sənə xidmətim olur çox,
Sən osan ki, etməyir heç mənə çarə bir əlin, yar.
Dedin: «istə vəsl məndən», «tələsir ömür» dedim mən,
Bu ömürlə vəslə yoxdur gümanım çatam yəqin, yar.
Sənə oxşamaz gözəllər, mələyim, tayın ki, yoxdur,
Ürək özgəni sevərmi, buna olgilən əmin, yar.
* * *
Bu gecə yatmaq nədir, xoşdur kef etmək sübhədək,
Başqa gün mümkün yatıb məqsuda yetmək, sübhədək,
Gah səni canə çəkib, gah da göz üstə, ey nigar,
Gah sinəmdə, gah könüldə yer düzəltmək sübhədək.
Bir badamdır gözlərin, şirin şəkərdir ləblərin,
Aşiqə xoşdur səninlə işrət etmək sübhədək.
Ayrılıqdan mən dünən qəmlər yedim, olcaq gecə
Başıma vəslin bu gün tac qoydu gerçək, sübhədək,
Canı qurbanın dedim, indi sənindir ixtiyar,
Nəqş vur, meydan oxu, nərd oyna mərd tək sübhədək.
Zülfünü bük tövbə tək, şamə kimi gəl busə vər,
Tövbəni zülfün kimi sındır da, mey çək sübhədək.
Gəl bu axşam lütf elə, dinlə Nizami şerini,
Qapını bir kimsə açmaz, baxma, göz çək, sübhədək.
* * *
Yol çətin, aləm qaranlıq — atını bir yanə çək,
Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək,
Qov könül bağça-bağından bu qara qarğaları,
İmtahan eylə, hüma quşlarını meydanə çək.
Könlümə oldunsa məhrəm, ey gülüm, aç pərdəni,
Hikmətin şərbətini al, başına mərdanə çək.
Əhli-ruh məclislərində heç zaman olma ağır,
Saqi tək, iç al şərab, hər işini səhmanə çək.
Məşğul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,
Əz cəhənnəm başını, bir də qələm rizvanə çək.
Gərçi ruh aləminin hikmətinə çatdı əlin,
Ərşi titrət, gərdişin iplərini məstanə çək.
Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,
Baxmadan gör, surəti-peymanəsin gəl canə çək.
Ey Nizami, bu qədər əsrar ki, sən açmısan,
Anlayan yox rəmzini, bəsdir, onu pünhanə çək.
* * *
Ruhanilər qibləsi oldu, bu tərsayə bax!
Hanı müsəlmançılıq, ol büti-zibayə bax!
Qibləm onun gül üzü, günsə onun qibləsi,
Surətinin qibləsi şölə saçır ayə, bax!
Açdım o büt önündə mən də bu səccadəmi,
Gör nə vuruldum bütə, mən kimi rüsvayə bax!
Kilsə bu dövrlərdə həmdəm olur çeşməyə,
Çeşmə ürək qanımdır, göz yaşı dəryayə bax!
Qırx il olur zahidəm, aləm aşikar bilir,
Xəlvəti kafir oldum, indi bu sövdayə bax!
Ötən gecə çalmışam həlqəsini gilsənin,
Xaç mənə vermiş cavab: — Rahibi-şeydayə bax!
Nəğmeyi-Davud kimi ucaldı zəngin səsi,
Mülki-Süleymani gör, bir belə kilsayə bax!
Zülfi çəlipa gözəl etdi məni bütpərəst,
Düşdü pərişan halım şöhrəti dünyayə, bax!
«Nədən dönübdür dedim, kilsəyə kəbə?» — dedi:
— Gənc evi viranədir, Nizami, mənayə bax!
* * *
Eşq der: «At Kəbəni, gəl talibi-bütxanə ol!»
Əmr edir canan ki: — Aşiqsən əgər, divanə ol!
Eşq zəncir istəməz, azad yaşar hər qeyddən,
Sən ki, eşqə aşinasan, hər şeyə biganə ol!
Danə ol qəm quşlarına yar kuyində, könül,
Vəsli-yarə yetməyə, şəmə dolan, pərvanə ol!
Sərvi-azadi gəzib, vurma bəzək nərgizlərə,
Hökmrana bəndə ol, gəncinəyə viranə ol!
Söylədin, sirr kasəsindən içmişəm, nuş et, nolur.
Getmə gəl yar kuyinə, getsən əgər mərdanə ol!
Zərrə idin bir zaman, dön indi də bir xurşidə,
Tor idin sən quşlara, gəl, ey gözəl, bir danə ol!
İstəsən canan yanında bir gün olsun söhbətin,
Sən də dillərdə Nizami tək çalış, əfsanə ol!
* * *
Xoşa ol canə ki, can rahət eylər,
Nə dərviş, bəlkə sultan rahət eylər.
O şuxə qismət olsun qoy gözəllik,
Ləbin dişlərkən insan rahət eylər.
Nə xoş mətbəx, nə artımlı qazandır
Ki, dəvətsiz o, mehman rahət eylər.
Peşimanlıq bütün ömründə görməz,
O kəs ki, bir pərişan rahət eylər.
* * *
Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
İnanma, bir daha burdan qəribi-karivan keçsin.
İtən gənclik soraqilə qocalar yer süründükcə,
Büküldü bel, bu mümkünmü ömür daim cavan keçsin?
Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!
Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin,
Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
Günün istər qara keçsin, ya istər şadiman keçsin.
Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
Əlində saqinin gəlsin şərabi-ərğvan keçsin!